ABŞ hakerləri Rusiyanın strateji əhəmiyyətli şəbəkələrinə daxil oldu
ABŞ hərbi-kəşfiyyat strukturları Rusiya ilə mübarizə məqsədilə kibersilah hazırlayıblar.
Kəşfiyyatdakı mənbələr NBC-yə bildiriblər ki, amerikalı hakerlər Kremlin kompüter-idarəetmə sisteminə, Rusiya telekommunikasiya və enerji şəbəkələrinə daxil ola biliblər. Artıq ABŞ-ın əlində istənilən an bu şəbəkələrə hücum etmək üçün gizli kibersilah var.
Telekanalın mənbələri deyiblər ki, kibersilah yalnız ABŞ-ın internet şəbəkələrinə ciddi kiberhücumlar ediləcəyi təqdirdə istifadə olunacaq. Lakin onlar belə bir hücumun baş verməsi ehtimalını aşağı qiymətləndirirlər. Vaşinqton Rusiyanın ölkədəki prezident seçkilərinə mümkün müdaxiləsindən narahatlıq duysa da, Rusiyanın kritik önəmə sahib infrastruktura hücum edəcəyini gözləmir.
Xatırladaq ki, Ağ Ev bu ilin avqust ayında Rusiyanı Demokrat Partiyasının serverlərinə haker hücumunda və ölkədəki siyasi proseslərə müdaxilədə ittiham edib. Oktyabrın 15-də NBC xəbər verib ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Rusiyaya qarşı gizli kibersilahın hazırlanmasına başlayıb. Telekanala məlumat ötürən şəxslər qeyd ediblər ki, əməliyyat CİA-in Elektron Kəşfiyyat Mərkəzi tərəfindən Rusiyanın ABŞ-dakı prezident seçkiləri kampaniyasına müdaxilə etməsinə cavab olaraq hazırlanır. Elektron Kəşfiyyat Mərkəzində yüzlərlə əməkdaş çalışır və qurumun büdcəsi yüz milyonlarla dollar həcmindədir. ABŞ-ın vitse-prezidenti Co Bayden də məsələyə münasibət bildirərək Rusiya prezidenti Vladimir Putinə cavab tədbiri barədə xəbərdarlıq siqnal göndərdiklərini söyləyib: “Bu, bizə nə zaman lazımdırsa, o vaxt baş verəcək”.